Səkinə İbrahimova

29d0a835-2808-4162-8d50-668a43.jpg

1983-cü ildə Bakıda anadan olub. Anası ixtisasça musiqiçi, atası isə mühəndisdi. 1999-2006-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetində təhsil alıb. Kardioloq ixtisası üzrə bir müddət çalışdıqdan sonra özünü menecment sahəsində sınamaq qərarına gəlib. Bir neçə il farm və tibbi şirkətlərdə beynəlxalq əlaqələr və brend menecer vəzifələrində çalışdıqdan sonra, Procter & Gamble şirkətinin Azərbaycandakı nümayəndəliyində xarici əlaqələr üzrə menecer vəzifəsinə qəbul olunub. 2014-2017-ci illərdə Böyük Britaniyanın Aberdin şəhərinin Robert Gordon Universitetində MBA proqramında qiyabi təhsil alıb. 2016-ci ildə isə, Procter & Gamble şirkətinin Böyük Britaniyada yerləşən elmi-tədqiqat departamentinin farmakonəzarət şöbəsində iş təklifi alıb. İşi ilə paralel olaraq 2018-ci ildə Londonun Gigiyena və Tropik xəstəliklər məktəbinin Farmakoepidemiologiya və farmakonəzarət proqramını bitirib. Hazırda yoldaşı və iki övladı ilə Böyük Britaniyada yaşayır.


Azərbaycanlı qadın olmağın sizə Azərbaycanda və ya xarici ölkədə problem yaratdığını hiss etmisiz?

İnsanın nəyəsə nail olması əksər hallarda ətrafdakıların dəstəyindən tam asılıdır. Dəstəyi olmayan və hamıya qarşı çıxanlar çox nadir hallarda öz istəklərinə çata bilir, bunun üçün qeyri-adi iradə və özünə inam olmalıdır. Şəxsən mən özümü bu mənada zəif hesab edirəm. Azərbaycanda ailə üzvləri gənc xanımları qərb ölkələrlə müqayisədə kifayət qədər ciddi nəzarətdə saxlayırlar. Bu da onların öz güclərinə inanmaq və özlərinə güvənmək xüsusiyyətlərinə mənfi təsir göstərir.
Həyat təcrübəmdən deyə bilərəm ki, gənc vaxtımda valideynlərim qarşıda qoyduğum məqsədlərin tərəfdarı olmadıqları hallarda, hətta planlarıma əngəl yaratmasalar belə, səylərimin gücündən asılı olmayaraq, bütün cəhdlərim nəticəsiz başa çatırdı. Bu mənim o zaman valideyinlərimdən tam maddi və psixoloji asılılığımdan irəli gəlirdi. Atdığım hər bir addımdan öncə mən öz planlarıma öz münasibətimi yox, atam və anamın münasibətlərini fikirləşirdim. Sadəcə bəxtim gətirib ki, valideynlərimlə fikir ayrılılığımız tez-tez olmurdu və çox vaxt onlara arxalana bilirdim.


Sizin fikrinizcə, Azərbaycanda qadınlar üçün ümumi məsələlər nədən ibarətdir?

Cəmiyyətimiz çoxtəbəqəlidir və xanımlara qarşı hörmət və münasibət də təbəqələr arasında fərqlənir. Bu münasibət incə nüanslardan bilinir. Məsələn, bəzi ailələrdə kişi ilə qadın bərabər işdən yorğun gələrsə, kişi özünə çay süzməyi qıymaz, gözləyəcək ki, qadın çay gətirsin. Bu, yalnız kiçik bir misaldı, belə xırda bərabərsizlik adətləri qadının çəmiyyətdə xidmətçi rolunu vurğulayır və qadının iddialı olmasına əngəllər yaradır.
Gender problemi dünyanın bir çox yerində aktual olduğuna baxmayaraq, şərq mədəniyyətinə malik olan ölkələrdə bu problem daha ciddidir. Problem də təkcə kişilərin cəmiyyətdə özlərini xanımlarla müqayisədə üstün göstərmək istəyindən irəli gəlmir. Bəzən xanımların tənbəlliklərindən, işləmək və oxumaq istəyi olmadıqlarından irəli gəlir. Tənbəllik isə yoluxucu haldır, pis timsala yol verir. Uşaqlığdan işgüzarlığa öyrəşməyən gənc xanımlar kiminsə timsalında ömür boyu işləmədiyini, cəmiyyətə xeyir gətirmədiyini, lakin ilk baxışdan cəlbedici həyat sürməyini gördükdə, bu kimi həyat tərzini təkrarlamağı arzulayırlar. Bu da onların ailə üzvlərindən, ələxsus da kişilərdən asılılıqlarını gücləndirir və çox vaxt reallıqda ailələrin və cəmiyyətin iqtisadi durumuna mənfi təsir göstərir.
Bu o demək deyil ki, mən təhsili olmayan evdar xanımları tənbəl hesab edirəm. Bəziləri ailənin və cəmiyyətin tələsinə düşdüklərindən belə həyat tərzi sürürlər. Sadəcə, indiki zəmanədə cinsdən asılı olmayaraq hər kəs cəmiyyətdə eyni hüquqları tələb etməlidir və, həmçinin, cəmiyyətin və ailənin qarşısında bərabər məsuliyyət daşımalıdır.

 “Sadəcə, indiki zəmanədə cinsdən asılı olmayaraq hər kəs cəmiyyətdə eyni hüquqları tələb etməlidir və, həmçinin, cəmiyyətin və ailənin qarşısında bərabər məsuliyyət daşımalıdır.”


Azərbaycan qadınlarının evdə və işdə hansı problemlərlə üzləşdiyini düşünürsünüz? Sizcə, biz u problemləri həll etməkdə onlara necə kömək edə bilərik?

Dediyim kimi, ölkədəki ailə və cəmiyyətdə olan problemləri ümumiləşdirmək düzgün deyil, onlar qadının ailə və sosial statusundan asılı inanılmaz dərəcədə fərqlidir. Şəxsən mən qadına hörmət, nisbi sərbəstlik və yaxşı təhsilin vacibliyini anlayan ailədə böyümüşəm. Həyat yoldaşım isə mənə daha çox sərbəstlik və qabağıma qoyduğum məqsədlərə nail olmaq üçün əlindən gələni edir.
Lakin, Azərbaycanda çox fərqli ailə, təşkilat və şirkət mədəniyyətlərinə rast gəlmişəm. Təcrübəmdən deyə bilərəm ki, yerli təşkilat və şirkətlərdə qadına hörmət göstərilsə də, karyera irəliləyişi üçün eyni professional səviyyədə olan namizədlər nəzərdən keçiriləndə, çox vaxt kişilərə üstünlük verilir. Bir çox ailədə qızın oğlanla müqayisədə yaxşı təhsilin vacibliliyinə önəm verilmir. Təhsil dedikdə mən cehizlik diplom yox, məhz biliyi nəzərdə tuturam.
Qabaq işlədiyim bir şirkətdə işə qəbul prosesində iştirak edirdim. Bir neçə dəfə xanımların ataları və ya həyat yoldaşları ilə birgə iş müsahibəsinə gəldiklərini görmüşəm, çünki qadının işə müraciət etməsi faktı bu ailələrdə özü bir qeyri-adi hadisə idi. Belə xanımlar cəmiyyətdə qeyri sərbəstdir, onlar peşə, karyera, ailə qurmaq kimi ən önəmli və digər daha xırda məsələlərdə öz qərarlarını vermək ixtiyarında deyillər. Bəzən Bakının kəndlərində yeni ərə getmiş xanımlara ailə üzvünün müşayiəti olmadan küçəyə çıxmaq icazəsi belə verilmir. Bunu artıq məişət zorakılığına aid etmək olar.

“Təcrübəmdən deyə bilərəm ki, yerli təşkilat və şirkətlərdə qadına hörmət göstərilsə də, karyera irəliləyişi üçün eyni professional səviyyədə olan namizədlər nəzərdən keçiriləndə, çox vaxt kişilərə üstünlük verilir. Bir çox ailədə qızın oğlanla müqayisədə yaxşı təhsilin vacibliliyinə önəm verilmir.”


Ailə və cəmiyyət qadınların sərbəstliyini dəstəkləsə, bu, həm ailənin, həm də cəmiyyətimizin rifahı və inkişafına təkan verəcək. Bunun üçün də təkcə xanımları yox, oğlan və kişilərimizi gender bərabərliyi məsələlərində maarifləndirmək lazımdır.

Çünki ailədə qadın öz sərbəstliyini və hüquqlarını tələb etməyə başlayanda kişinin bunu anlamaması ailədə qarşıdurmaya səbəb ola bilər. Əksinə, kişilər həyat yoldaşlarının, qızlarının cəmiyyətdə irəliləmələrinə dəstək olsalar, bu, ailədəki bir çox problemləri də aradan götürə bilər. İrəliləyiş qarşıda məqsəd qoyulmursa mümkün deyil.

“Kişilər həyat yoldaşlarının, qızlarının cəmiyyətdə irəliləmələrinə dəstək olsalar, bu, ailədəki bir çox problemləri də aradan götürə bilər.”

Mən həyatımdakı məqsədləri müəyyən etmək üçün uğurlu insanların hekayələrini öyrənməyi və bu insanların özümdə görmək istədiyim keyfiyyətləri və əməlləri özümə nümunə etməyi çalışıram. Gənclərimizə də bunu tövsiyyə edərdim. Bunun üçün də xarici dilləri bilmələri və internetdə informasiya axımını düzgün filtrasiya etməyi öyrənmələri önəmlidir. Etibarlı informasiya mənbələri olan və məqsədlərinə uyğun resurslardan istifadə etmək bacarığı bu gün ən vacib professional keyfiyyətlərdən biridir. Texnologiyalar çox tez dəyişir, qadınlarımız cəmiyyətdə “lazımsız təbəqəyə” çevrilməmələri üçün daim təkmilləşməli və, lazım olduqda, tez zamanda peşəkarlıq sahələrini dəyişmək bacarığına malik olmalıdır. Bu da birbaşa təhsilə bağlıdır.  

“Texnologiyalar çox tez dəyişir, qadınlarımız cəmiyyətdə “lazımsız təbəqəyə” çevrilməmələri üçün daim təkmilləşməli və” 

Azərbaycanda iş qadını olmaqla xaricdə işləmək arasında sizcə fərq varmı?

Ümumiyyətlə, Azərbaycanın iş bazarı daha kasad, peşəkarlıq tələbləri isə daha aşağıdır. Yerli şirkətlərdə müəyyən iş mədəniyyətinin yaradılmasına önəm verilmir, bu da çox vaxt işin idarəedilməsinin düzgün qurulmamasına gətirib çıxarır. Müdiriyyət texniki məsələlərdə işçilərinə qərarların alınmasında sərbəstlik yaratmır. Nəticədə də texniki işçilər müdiriyyətə işin inkişafı üçün tövsiyyələrini verməkdən çəkinirlər və yalnız əmrlərin icraçılarına çevirirlər. Xaricdə isə biznes elə qurulur ki, menecment bütün işçilərdən təşəbbüslü olmasını tələb edir, bu da tərəqqinin bünövrəsidir. Peşəkar qadınlara münasibətə gəldikdə isə xarici ölkələrlə çox fərq görmürəm. Bəzən işədüzəlmə məsələlərində özlərinə qüvənmənin az olması ucbatından onlar daha aşağı maaşa razılıq verir. Bu, xaricdə də məlum olan bir faktdır.
Bir maraqlı müşahidəm var. Böyük Britaniyada və digər qərb ölkələrində öyrəşdiyimiz “xanım” anlayışı yoxdur. Qadın kişi ilə bərabər oxumalı, işləməli, ailəni dolandırmalıdır. Əgər müəyyən səbəblərə görə qadın işləmirsə, o, həyat yoldaşının qazandığını özünə xərcləməyi yox, əksinə, qənaət etməyə və qorumağa çalışır.


İşdə və ailədə uğurlu olmaq üçün azərbaycanlı qızlara hər hansı bir tövsiyyəniz varmı?

Çalışın nə istədiyinizi bilin, qarşınıza qısa və uzunmüddətli məqsədlər qoyun. Həyatınızı boş söhbətlər, seriallar, qeybət, ehtiyacınız olmayan əşyaların alınması, sosial medyada məqsədsiz vaxt itkisinə sərf etməyin. Karyerası uğurlu olan insanların əməllərini analiz edib, öz addımlarınızı planlaşdırın. Təhsilin gücünə şübhə etməyin. Digərlər üçün işgüzarlıq, savad nümunəsi olmağa çalışın. İnsanlara hörmətlə yanaşsanız əksər halda bu münasibət qarşılıqlı olacaq. Sizə hörmətsiz yanaşan və vaxtınızı boşuna alan insanlarla əlaqələri minimuma çatdırın. Ailənizi dəyərlərinizi paylaşan və sərbəstliyinizi məhdudlaşdırmayan insanla qurun. Ailə həyatında qadınla kişi müəyyən güzəştlərə getməyə və bir-birinə dəstək olmağı bacarmalıdır.

“Sizə hörmətsiz yanaşan və vaxtınızı boşuna alan insanlarla əlaqələri minimuma çatdırın. Ailənizi dəyərlərinizi paylaşan və sərbəstliyinizi məhdudlaşdırmayan insanla qurun.”

Sizcə, gənc qadınların uğur qazanmaq üçün yüksək mövqedə olan qadınların köməyinə ehtiyacı olduğunu düşünürsünüz?Əgər varsa, bu tövsiyyələr nədən ibarətdir?

Öncə qeyd etdiyim kimi, əgər insan ailəsində və cəmiyyətdə dəstək görmürsə, onun səyləri nəticəsiz qala bilər. Buna görə inkişaf etmək, oxumaq, karyerada nailiyyətlərə çatmaq istəyən xanımları dəstəkləmək çox vacibdir. Bu dəstək uğurlu, yüksək rütbəli qadınlardan gələ bilsə, cəmiyyətimiz bir çox zəruri peşələrə və xoşbəxt ailələrə sahib olan ağıllı qadınları qazana biləcək.

“Buna görə inkişaf etmək, oxumaq, karyerada nailiyyətlərə çatmaq istəyən xanımları dəstəkləmək çox vacibdir. Bu dəstək uğurlu, yüksək rütbəli qadınlardan gələ bilsə, cəmiyyətimiz bir çox zəruri peşələrə və xoşbəxt ailələrə sahib olan ağıllı qadınları qazana biləcək.”


Yüksək vəzifələrdə qadın-kişi tənasübündə bərabərliyə doğru dinamika olarsa, və əgər bu vəzifələrə çatmış qadınlar öz peşəkarlıqlarını müsbət tərəfdən göstərə bilsələr, getgedə qadınların bu vəzifələrdə olması adi hal kimi qəbul olunmağa başlayacaq. Bu da, təbii ki, gələcəkdə işə qəbul və ya karyera yüksəlişi qərarlarında qadın namizədlərin qabiliyyətlərinə inamın artmasına gətirib çıxaracaq. Yəni, yüksək vəzifələrə çatmış qadınlar öz peşəkarlıqlarını günü-gündən sübut etməklə, dolayısı yolla digər qadınların da karyera imkanlarını artırır.
Bundan savayı isə, cavan xanımlar mentorluq praktikasından yiyələnə bilər. Bu, xaricdə bir çox iş yerlərində qəbul olunmuş təcrübəli və uğurlu insanların tövsiyyə xarakterli köməyini nəzərdə tutur.  
 


Öz bizneslərinə başlamaq və ya icraedici olmaq istəyən qadınlara əsas məsləhətləriniz nədir?

Biznes sahibi olmaq üçün ilkin kapital və bazara uyğun rəqabət üstünlüyü olan biznes modeliniz olmalıdır. Biznes risqlərini öncədən bilmək və onların necə azalmasını planlaşdırmaq vacibdir ki, biznesiniz ailənizi ciddi maddi risk altında qoymasın. Azərbaycandakı qadın sahibkarlarımız sübut edə biliblər ki, azərbaycanda kişi ilə bərabər qadınlar da biznesi idarə edə bilər.

“Azərbaycandakı qadın sahibkarlarımız sübut edə biliblər ki, azərbaycanda kişi ilə bərabər qadınlar da biznesi idarə edə bilər.”

Əsas odur ki, daim dəyişmək, maariflənmək və yorulmadan çalışmağa hazır olasınız. Bir də yerli biznes problemlərini öncədən bilməyiniz və onları necə həll edəcəyinizi bilməlisiniz. Menecment sahəsində çalışanlar isə daha stabil maddi şəraitdə çalışır. Lakin, bu sahədə insan resurslarının rəqabəti böyükdür. İdarə etdiyiniz kollektivə nümunə olmalı, müdiriyyətinizə uğurlu biznes nəticələri vasitəsilə günü-gündən özünüzün önəmli kadr olduğunuzu sübut etməlisiniz. Qadınlar da kişilər qədər işlərinə vaxt və güc ayıra biləcəklərini göstərməlidir.

Gunel Hasanova